Antalyada soydaşlarımıza yardım edilib

08.06.2020

Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi Türkiyənin bu bölgəsində yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklə qarşılaşmış soydaşlarımıza yardım kampaniyasını davam etdirir.

Dərnəyin İdarə Heyətinin üzvləri Antalyada təhsil alan tələbələrlə, burada müvəqqəti səfərdə olan, eləcə də müalicə alan həmtənlərimizlə mütəmadi olaraq əlaqə saxlayıb, onların hansı çətinliklərlə üzləşdiklərini müəyyənləşdirirlər.

Bu dəfə Antalyanın Muratpaşa rayonunda müvəqqəti yaşayan, burada talassemiya və digər xəstəliklərdən müalicə alan, ümumilikdə 20 nəfər Azərbaycan vətəndaşından ibarət olan, ailələr ziyarət olunub. Dərnək üzvləri vətəndaşlarımıza Antalya Muratpaşa bələdiyyəsinin ərzaq sovqatını təqdim ediblər və onlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıblar.