AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan diaspor könüllüləri” proqramının “Vikipediya” təlimlərində iştirak edən qrupu ilə görüş keçirilib.
Görüş zamanı kitabxanada keçirilən onlayn “Vikipediya” təlimlərinin məqsədindən bəhs edən MEK-in direktoru Sevil Zülfüqarova bildirib ki, beynəlxalq elektron ensiklopediyada məqalələrin yerləşdirilməsi ilə bağlı gənclərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edib ki, ölkədə könüllülük hərəkatı geniş vüsət alıb, MEK-in təşkilatçılığı ilə təlimlərə qoşulan könüllülər də bu prosesin fəal üzvlərinə çevriliblər. Onların vikiensklopediyada müxtəlif dillərdə Azərbaycan həqiqətləri və milli-mədəni irsimizlə bağlı silsilə məqalələr yerləşdirdiyi nəzərə çatdırılıb. MEK direktoru növbəti təlimin başa çatması münasibəti ilə könüllüləri təbrik edib.
Təlimlər və əldə etdikləri təcrübə barədə öz təəssüratlarını bölüşən könüllülər bildiriblər ki, könüllülük hərəkatı onların bilik və bacarıqlarının inkişafında, mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır.
Tədbir “Vikipediya”nın Azərbaycan dili bölməsində uğurlu fəaliyyətlərinə görə “Azərbaycan diaspor könüllüləri” proqramının iştirakçılarına sertifikatların təqdim olunması ilə başa çatıb.