Monrealda Səməd Vurğunun "Azərbaycan" şeiri səsləndirilib

03.06.2020

Kanadanın Monreal şəhərində yaşayan soydaşlarımızın övladları 28 May – Respublika Gününə həsr olunmuş layihədə iştirak ediblər.

Monreal Kanada – Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümovanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində müxtəlif yaş qrupuna daxil olan azərbaycanlı uşaqlar görkəmli şairimiz Səməd Vurğunun məşhur "Azərbaycan" şerini səsləndiriblər. Kanadada doğulan, ingilis-fransız dillərində təhsil alan azərbaycanlı məktəblilər tarixi Vətənlərini vəsf edən bu əsəri bənd-bənd ifa ediblər. Müxtəlif məkanlarda çəkilən çıxışlar video şəklində youtube kanalında yayımlanıb.

Cəmiyyətin sədri Rəna Müslümova bildirib ki, bu layihəni həyata keçirməkdə məqsədləri Azərbaycanın hüdudlarından kənarda böyüyən övladlarımızda dogma Vətənə sevgi aşılamaq, ana dilimizə dəyər vermək, tariximizin əlamətdar günlərini tanıtmaqdır.