Almaniyanın Berlin şəhərində 28 May – Respublika Gününə həsr edilmiş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə baş tutan tədbir “Azərbaycan Evi” Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib. Tədbirdə “Azərbaycan Evi” Cəmiyyətinin rəhbər heyəti, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Giriş sözü ilə qonaqları salamlayan "Azərbaycan Evi” Cəmiyyətinin rəhbəri Rövşən Qrossman nəzərə çatdırıb ki, qədim Şərqin ilk dünyəvi və demokratik dövləti 102 il öncə, məhz Azərbaycanda qurulub. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olan müstəqil Azərbaycan dövləti əldə etdiyi ictimai-siyasi və sosial-iqtisadi uğurlarla indi dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib.
Tədbirdə çıxış edən digər natiqlər də AXC-nin yaranması, həmin dövrdə baş verən mühüm ictimai-siyasi və mədəni hadisələrdən ətraflı danışıblar, müasir Azərbaycan dövlətinin də dünyəvi, demokratik dəyər və ideyaları yaşatdığını vurğulayıblar. Bildirilib ki, ötən əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşsa da onu itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bu təhlükənin qarşısı görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində alınıb. Ümummilli liderin hakimiyyətə gəllişindən sonra Azərbaycan müstəqil dövlət kimi beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bu gün də müstəqil Azərbaycan dövləti ulu öndərin ideyaları əsasında uğurla dinamik inkişaf edir.