İstanbulda Cümhuriyyət qurucuları yad edilib

31.05.2020

İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi 28 May – Respublika Gününə həsr olunmuş videoçarx təqdim edib.
Videoçarxda İstanbul Universitetində təhsil alan tələbələrimiz Cümhuriyyət qurucuları və həmin dövrün ziyalıları – Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli, Əlimərdan Bəy Topçubaşov, Əhməd Bəy Ağaoğlu, Əli Bəy Hüseynzadə və Mirzə Bala Məmmədzadənin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərini səsləndiriblər.

Birliyin sədri Anar Can Kıtay bildirib ki, məqsəd – Cümhuriyyətin 102-ci ildönümündə bu önəmli tarixə diqqət çəkmək və həmin dövrün görkəmli xadimlərinin əziz xatirəsini yad etməkdir.

Qeyd edək ki, İstanbul Universitetində ilk dəfə olaraq 2017-ci ildə fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi azərbaycanlı tələbələrə dəstək vermək məqsədilə yaradılıb. Birlik gənclərimizi bir araya gətirməklə yanaşı, onların səslərinin vətəndaş çəmiyyəti tərəfindən eşidilməsinə yardımçı olur, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini tanıdır, "Bir millət, iki dövlət" şüarı çərçivəsində qardaş ölkə gəncləri ilə sıx əməkdaşlığı təmin edir.

Xatırladaq ki, İstanbul Universiteti ölkənin ən qədim ali məktəbi olmaqla yanaşı, 2006-cı ildə dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş ilk Türkiyə universitetidir. Eyni zamanda, ali məktəb Asiyanın ən yaxşı 100 universitelərindən biri hesab olunur. Bu universitet dünyaya iki Nobel mükafatçısı bəxş edib.