Qazaxıstanda “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Cümhuriyyət qurucularının əziz xatirəsinin yad edilməsilə başlayan tədbirdə “Ata Yurd-Nomad” Birliyinin sədri Süleyman Əhmədov, Almatı şəhərində yerləşən “Turan” Azərbaycanlıları Konqresi Respublika İctimai Birliyinin sədri Müseyib Novruzov, “Azbirlik” Etno-Mədəni Birliyinin sədr müavini Namaz Əliyev və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlu, diaspor fəalları və digər soydaşlarımız çıxış ediblər. Onlar xalqımızı 28 May – Respublika Günü münasibəti ilə təbrik ediblər, Şərqdə ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb ictimai-siyasi şəraitdə keçdiyi yola ekskurs edərək, onun müstəqil dövlətçilik tariximizdə oynadığı mühüm roldan və Respublika Gününün hər il dünyanın müxtəlif ölkələrində, o cümlədən Qazaxıstanda geniş qeyd edilməsindən danışıblar. Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Cümhuriyyət tarixinə, onun qurucularına və varislərinə göstərdiyi diqqət və qayğı, bu siyasətin Prezident İlham Əliyev tərəfindən hazırda da uğurla davam etdirildiyi nəzərə çatdırılıb.
Natiqlər onu da əlavə ediblər ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş sosial təcrid dönəmində məhz Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən, xaricdə yaşayan və müvəqqəti çətinliklə üzləşən azərbaycanlılar dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Pandemiya müddətində diaspor amilinin necə böyük əhəmiyyət kəsb etməsinin bir daha təsdiqləndiyini vurğulayan natiqlər Qazaxıstanda yaşayan həmvətənlərimizin ictimai-siyasi, sosial-iqtisadi sahələrə sıx inteqrasiya etdiklərini, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasında böyük rol oynadıqlarını qeyd ediblər.