Varşavadakı Azərbaycan Evinin təşkilatçılığı ilə videokonfrans keçirilib

30.05.2020

Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan Evi tərəfindən 28 May - Respublika Gününə həsr olunmuş videokonfrans təşkil edilib. Konfransda Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova, Polşanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı iştirak edib. Lalə Zeynalovanın moderatorluğu ilə keçirilən konfransda Cümhuriyyətin yaranma tarixinə həsr edilmiş videoçarx təqdim edilib.

Bildirilib ki, müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ölkəmizin və xalqımızın çoxəsrlik ictimai-siyasi və milli oyanışı proseslərinin məntiqi nəticəsi kimi yaranıb. Konfrans iştirakçıları Cümhuriyyətin dövlətçilik tarixində yeri və rolu ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.

Komitə əməkdaşı çıxışında Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Cümhuriyyətin varisi elan edilən müstəqil Azərbaycan Respublikasının inkişafından söz açıb. Müstəqilliyimizin əbədiliyinin təmin olunmasında ulu öndərin atdığı uğurlu addımları, müstəqil Azərbaycanın qazandığı uğurları və əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Hazırda da bu ənənələrin uğurla davam etdirildiyi qeyd olunub.