Torontoda Cümhuriyyətin yaranmasının 102 illiyinə həsr edilmiş virtual dərs təşkil olunub

30.05.2020

Kanadanın Toronto şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş virtual dərs – bayram görüşü keçirilib.

Tədbir Kanadada fəallığına görə fərqlənən "Toronto Azərbaycan Dili Sinfi"nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Kanadada doğulan və təhsil alan Azərbaycan əsilli uşaqlara ölkəmizin keçdiyi tarixi yol haqqında geniş məlumatların verilməsi məqsədilə keçirilən tədbirdə Torontoda yaşayan və müəllim işləyən həmvətənimiz Yeganə Cəfərovanın təsisçisi və rəhbəri olduğu sinfin şagirdləri, "Qarabağ Azərbaycan Dili Məktəbi"nin təsisçisi və rəhbəri Vüsalə Əhmədova, Monreal icmasının fəal üzvlərindən Rəna Müslümova, eləcə də onların şagirdləri iştirak ediblər.

Virtual dərs Azərbaycanın Dövlət Himninin müəllimlər və şagirdlər tərəfindən birgə səsləndirilməsi ilə başlayıb. Müəllimlər öz şagirdlərini və onların valideynlərini Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102-ci ildönümü münasibətilə təbrik ediblər. Onlar müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət quruluşunun məhz Azərbaycanda fəaliyyətə başlaması, xalqımızın fundamental insan hüquqları ilə təmin olunması, 23 ay ərzində mühüm işlərin həyata keçirilməsi, ölkəmizdə Cümhuriyyət qurucularının misilsiz və qürurverici xidmətlərinə böyük dəyər verilməsi barədə ətraflı danışıblar.

Online formatda davam edən görüş zamanı şagirdlərin ifasında Azərbaycana aid maraqlı şeirlər və mahnılar təqdim olunub.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bu ölkədəki Azərbaycan məktəblərinin fəaliyyəti də onlayn formatda davam etdirilir.