Fransada "28 il Qarabağsız" adlı vebinar keçirilib

30.05.2020

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102-ci ildönümünə həsr olunmuş “28 il Qarabağsız” adlı vebinar təşkil olunub. Tədbir Lionda qeydiyyatdan keçmiş Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə gerşəkləşdirilib.

ADFA-nın prezidenti Günel Səfərovanın moderatorluq etdiyi onlayn tədbirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Millət vəkili Tural Gəncəliyev, tarix elmləri doktoru, tədqiqatçı Maksim Qoen və fransız rejissor Maksim Marduxayev iştirak ediblər.

Natiqlər AXC-nin yaranmasından, 1918-1920-ci illərdə Qafqazda baş vermiş siyasi hadisələrdən, XX əsrin əvvəllərində Dağlıq Qarabağdakı erməni icmasından, müasir dövrdə ölkəmizin bu bölgəsindəki vəziyyətdən, Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyindən danışıb. Azərbaycanın münaqişənin sülh yolu ilə həllində maraqlı olduğu nəzərə çatdırılıb.

Tədbirdə Dağlıq Qarabağ münaqişəsi, onun həllinə dair müxtəlif ölkələrin, eləcə də beynəlxalq təşkilatların tutduğu mövqe, qəbul etdikləri qətnamə və qərarlar barədə ətraflı məlumat verilib. Problemlə əlaqədar fransız mətbuatının mövqeyinə də toxunulub və dinləyicilərin sualları cavablandırılıb.

Sonda düzgün beynəlxalq ictimai rəyin formalaşdırılmasına xidmət edən belə konfransların gələcəkdə də təşkil olunmasının zəruriliyi vurğulanıb.