Respublika Gününə həsr edilmiş müxtəlif formatlı tədbirlər davam edir

30.05.2020

Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə xaricdəki Azərbaycan Evləri tərəfindən çoxsaylı və müxtəlif formatlı tədbirlər təşkil edilib. Növbəti belə tədbir Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evi tərəfindən keçirilib. Pandemiya səbəbindən sosial izolyasiya qaydaları nəzərə alınaraq tədbirdə az sayda soydaşımız iştirak edib. Tədbiri giriş sözü ilə açan Münhen Azərbaycan Evinin rəhbəri Səttar Kərimov 28 May tarixinin ölkəmizin dövlətçilik tarixində yeri və rolu barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra soydaşımız Fuad Rzayevin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən tədbir iştirakçıları bildiriblər ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyəti olan hadisədir. Qeyd edilib ki, müstəqilliyini bərpa etdikdən sonra işğalla üzləşən və vətəndaş müharibəsinin astanasında olan Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin müasir inkişaf mərhələsinə qədəm qoyması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Respublikası regionun ən sürətli və dinamik inkişaf edən dövlətinə çevrilib.

Çıxışlardan sonra 28 May Respublika Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib, Azərbaycanın milli musiqi nümunələri səsləndirilib.