Barselonadakı Azərbaycan Evi Respublika Günü ilə bağlı videokonfrans təkil edib

30.05.2020

İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evi tərəfindən 28 May - Respublika Gününə həsr edilmiş videokonfrans keçirilib. Konfransda Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, Polşadakı Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova, İspaniyanın müxtəlif şəhərlərində, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, o cümlədən və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Konfransı giriş sözü ilə açan Kərim Kərimov mayın 28-də qeyd olunan Respublika Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu tarix Azərbaycanın etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşına bütün mülki və siyasi hüquqları təmin edən demokratik respublika elan olunduğu tarixdir.

Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində yeni bir səhifə olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin AXC-nin 80 illiyinin keçirilməsi, Cümhuriyyət abidəsinin ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin AXC-nin 90 illik, 100 illik yubileylərinin keçirilməsi, yubiley medalının təsis edilməsi haqqında sərəncamlarını qeyd edib. AXC qurucularının hər zaman hörmət və ehtiramla anıldığı vurğulanıb.

Sonra çıxış edənlər AXC-nin dövlətçilik tarixindəki rolu haqqında danışıb və xaricdəki azərbaycanlı gənclər tərəfindən dövlətçilik ənənələrimizin qorunub saxlanılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.