Mahaçqala şəhərində 28 May - Respublika Günü qeyd edilib

30.05.2020

Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilən tədbirdə yerli hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri və diaspor fəalları iştirak ediblər.

Tədbirdə milli siyasət və dini işlər üzrə nazirin birinci müavini Harun Davıdov, "Dostluq" ictimai şurasının sədri Badrudin İbrahimov və Dağıstan Respublikasının başçısı yanında Şuranın üzvü, Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov çıxış ediblər.

Natiqlər 1918-ci il mayın 28-də Azərbaycanda qurulan dünyəvi və demokratik respublikanın bütün Türk və İslam dünyasına nümunə olduğunu, Azərbaycan xalqınıın dövlətçilik tarixində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Onlar bu bayram münasibətilə dost və qardaş ölkə olan Azərbaycanı təbrik ediblər, xalqımıza sülh, əmin-amanlıq, rifah şəraitində yaşamağı, dövlətimizin daha çox inkişafa və tərəqqiyə nail olmasını arzulayıblar.