Türkiyədəki azərbaycanlı gənclərin onlayn I Forumu təşkil edilib

30.05.2020

Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyinin (AGAH) təşəbbüsü və təşkilatçılığı ilə “Türkiyədəki Azərbaycanlı Gənclərin I Forumu” keçirilib.

Onlayn təşkil olunmuş tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar Baş İdarəsi (YTB) sədrinin müavini Sayit Yusuf, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli, Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov və Parlament Jurnalistləri İctimai Birliyinin rəhbəri Elşad Eyvazlı, Türkiyənin müxtəlif vilayətlərindən tələbə birliklərinin rəhbərləri və üzvləri, ziyalılar, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Forum Cümhuriyyət qurucularının yad edilməsi və hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

AGAH sədri Təbriz Raufoğlu bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Türkiyədə təhsil alan və yaşayan azərbaycanlı gənclərlə Türkiyə və Azərbaycanın müvafiq qurumlarının rəhbərliyini bir araya gətirmək, AGAH tərəfindən hazırlanan vahid əlaqələndirməyə dair strategiyanın icrası istiqamətində müzakirələr aparmaqdan ibarətdir.

Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxışı zamanı 28 May - Respublika Günü münasibətilə gəncləri təbrik edib və soydaşlarımız arasında birliyin və yekdilliyin vacib olduğunu qeyd edib. Dövlət Komitəsinin Türkiyədə təhsil alan gənclərdən daha fəal olmalarını və diaspor fəaliyyətində yaxından iştirak etmələrini gözlədiyini vurğulayıb. Komitə rəsmisi AGAH-ın təklif etdiyi əlaqələndirmə strategiyasına müsbət baxdıqlarını və irəli sürülən təşəbbüsü dəstəkləməyə hazır olduqlarını bəyan edib.

Sonra forumda YTB sədr müavini Sait Yusuf, millət vəkili Şamil Ayrım, MM üzvü Bəhruz Məhərrəmov, TN şöbə müdiri Nicat Məmmədli, azərbaycanlı diplomatlar Nuru Quliyev və Elçin Allahverdiyev çıxış ediblər. Natiqlər tələbələrin forumuna qatılmağı özlərinə böyük şərəf bildiklərini qeyd edərək onları Cümhuriyyət qurucularının varisi olaraq üçrəngli bayrağımızı hər yerdə uca tutmağa çağırıblar. Bildirilib ki, "Bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin genişlənməsində və möhkəmlənməsində gənclərin də özünəməxsus rolu var. Hər zaman Türkiyədə təhsil alan azərbaycanlı tələbələri dəstəkləməyə hazır olduqları, gənclər arasında vahid koordinasiyaya ehtiyacın hiss edildiyi və Azərbaycanın Baş konsulluğunun dairəsinə daxil olan vilayətlər üzrə bütün mümkün dəstəyin göstərilməsinin mümkünlüyü vurğulanıb.

Daha sonra onlayn Forum başqa bir paneldə Konya Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Qoşqar Bəylərov, Erzurum Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Həsrət Səfərov, Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təsisçisi Solmaz İsmayılova, Kayseri Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli, Eskişehir Azərbaycanlılar Dərnəyinin Gənçlər bölməsinin rəhbəri Cavid Əmirov, Kastamonu Üniversiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun rəhbəri Tural İsabəylinin iştirakı ilə “Azərbaycanlı gənclərin təşkilatlanmasının hazırki vəziyyəti və vahid əlaqələndirmə” mövzusunda davam etdirilib.

Panel iştirakçıları birliyin vacib olduğunu, eyni zamanda mərkəzlə əlaqənin regionların fikirlərinin nəzərə alınaraq qurulmasının əhəmiyyətini bildiriblər. Müzakirələr zamanı İstanbul Universiteti Birlik və Həmrəylik Birliyinin rəhbəri Anar Can Kıtay çıxış edərək fikir və təkliflərini bildirib. Daha sonra Kastamonu Universitetinin professoru Vüsalə Musalı, Selçuk Universitetinin kafedra müdiri Rövşən Ramizoğlu və Ankara Universiteti hüquq fakültəsinin dosenti Cavid Abdullazadə çıxış edərək koordinasiyanın əhəmiyyəti və onun təşkili yolları ilə bağlı fikirlərini bildiriblər.

Yekunda vahid koordinasiyaya dair birlik modelinin bütün vilayətlərlə müvafiq memorandumun imzalanması ilə gerçəkləşdirilməsinə qərar verilib.