Estoniyanın paytaxtı Tallinn şəhərində fəaliyyətə başlayan Azərbaycan Evinin ilk rəsmi tədbiri Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünə həsr edilib.
Tədbirdə Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sven Sester, Estoniya Mədəniyyət Nazirliyinin müşaviri Anne-Ly Reimaa, İnteqrasiya Fondunun rəhbəri İrene Käosaar, Estoniyanın sabiq xarici işlər naziri Kristina Ojuland, ölkənin ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV təmsilçiləri, Estoniyada fəaliyyət göstərən Türkiyə dəyanətinin və digər milli azlıqların nümayəndələri, diaspor üzvlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.
Hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən Estoniya–Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev 28 May – Respublika Günü barədə ətraflı məlumat verib. Bildirib ki, Şərqdə ilk dəfə olaraq Azərbaycanda dünyəvi və demokratik respublika yaradılıb, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadan Cümhuriyyət qurucuları Azərbaycanın dövlət bayrağını, gerbini təsis ediblər, fundamental insan hüquqlarını təmin ediblər, qadınlara seçki hüququnun verilməsinə nail olublar. 1991-ci ildə dövlət müstəqilliyi yenidən bərpa edildikdən sonra görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan regionun qabaqcıl ölkəsinə çevrilib.
Natiq ölkələrimiz arasında dostluq münasibətlərinin və əlaqələrin inkişafından, həyata keçirilən humanitar və mədəniyyət layihələrindən də danışıb. Estoniyada Azərbaycan Evinin yaradılmasını bu münasibətlərə bariz nümunə adlandırıb, layihənin dəstəklənməsinə və gerçəkləşməsinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib.
Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlı qonaqları salamlayaraq, ilk rəsmi tədbirlərinin əlamətdar bir hadisəyə – Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünə həsr olunmasından qürur duyduqlarını bildirib. Eyni zamanda, Azərbaycan Evinin fəaliyyət istiqamətləri, gələcək planları haqqında ətraflı məlumat qonaqların nəzərinə çatdırılıb, dövlətimizin dəstəyilə dünyada yaradılmış Azərbaycan Evlərinin soydaşlarımızın əsl evinə çevrildiyi vurğulanıb.
Estoniya rəsmiləri Sven Sester, Anne Ly Reimaa, İrene Käosaar və Kristina Ojuland çıxış edərək soydaşlarımızı 28 May - Respublika Günü münasibətilə təbrik ediblər. Onlar ölkələrimiz arasında münasibətlərin və əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan icmasının Estoniyanın istiqlaliyyətində xüsusi rol oynadığını, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına sıx inteqrasiya etdiyini, burada yaşayan xalqlar arasında ölkəsini ləyaqətlə təmsil etdiyini, Azərbaycan Evinin fəaliyyətə başlamasını yüksək qiymətləndirdiklərini bildiriblər.
Tədbirin bədii hissəsində Estoniyada təhsil alan tələbələr Nərgiz Əskərova və Rüfət Dərgahlının ifasında musiqili proqram təqdim olunub.