İnteqrasiya Mərkəzi Respublika Gününə həsr edilmiş videokonfrans təşkil edib

30.05.2020

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) 26 May Gürcüstanın Müstəqillik Günü və 28 May Azərbaycanın Respublika Gününə həsr edilmiş “Gənc Cümhuriyyətlərin yaranması və təşəkkülü” mövzusunda vidoekonfrans təşkil edib. Konfransda GAİM-in icraçı direktoru Aygül İsayeva, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) rəhbəri Nəriman Qurbanov, Yenidənqurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz” təşkilatının rəhbəri Mübariz Qarayev, ictimaiyyət nümayəndələri, GAİM-də təhsil alan gənclər və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Videokonfransın qonağı əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Solmaz Tohidi Azərbaycan və Gürcüstan Demokratik Respublikalarının yaranma tarixi, əsas inkişaf mərhələləri barədə ətraflı məlumat verib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın zəngin dövlətçilik tarixində mühüm yer tutduğunu qeyd edən S.Tohidi bildirib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi sayılan Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) XX əsrdə Şərq üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrilib. Həmçinin, müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 23 aylıq fəaliyyəti, AXC dövründə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin AXC ənənələrinin yaşadılması istiqamətində mühüm addımlar atdığı və bunun bu gündə uğurla davam etdirildiyi vurğulanıb.

1918-ci il mayın 26-da Müstəqillik Aktı qəbul olunduqdan sonra paytaxtı Tiflis şəhəri olmaqla Gürcüstan Demokratik Respublikasının yarandığını vurğulayan S.Tohidi gənc respublikanın qarşısında duran əsas məqsədlərdən danışıb. O cümlədən, Gürcüstan azərbaycanlılarının 1918-1921-ci illərdə də gürcü xalqı ilə bərabər ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda ləyaqətlə döyüşdükləri qeyd olunub.

İki saat davam edən videokonfransın sonunda Solmaz Tohidi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.