"Qarabağ" rəqs qrupu "Digital Ramazan-2020" tədbirində ölkəmizi təmsil edib

30.05.2020

İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən İsveç-Azərbaycan Birliyinin (SAF) "Qarabağ" rəqs qrupu "Digital Ramazan-2020" tədbirində iştirak edib.

SAF-ın sədri, “Qarabağ” rəqs qrupunun bədii rəhbəri Sevda Dadaşova bildirib ki, tədbir İsveçdəki “İbn Rushid Studieförbund” islam təşkilatı tərəfindən təşkil olunub. Müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim olunduğu tədbirdə "Qarabağ" qrupu “Yallı”, “Almalı” və “Bayram” rəqs nömrələri ilə milli mədəniyyətimizi nümayiş etdirib.

Tədbirlə bağlı İsveçin dövlət kanalı olan «SVT 1″də süjet yayımlanıb və süjetdə Azərbaycanı təmsil edən «Qarabağ» rəqs qrupundan da bəhs olunub.

Xatırladaq ki, 2017-ci ilin fevralında İsveçdə yaranan SAF qısa müddət ərzində ölkənin ictimai və mədəni həyatına inteqrasiya edib. Təşkilat müxtəlif beynəlxalq festivallarda və tədbirlərdə ölkəmizi təmsil edir, Azərbaycanın tarixi günlərində sərgilər, seminarlar və təqdimatlar təşkil etməklə diqqəti cəlb edir.