Fransadakı diaspor rəhbərləri ilə videomüzakirə aparılıb

27.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Fransa Respublikasında fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları rəhbərlərinin qatıldıqları videokonfrans təşkil edilib.

Virtual tədbirdə Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Azərbaycan–Fransa Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, “Ulduz” Cəmiyyətinin rəhbəri Aytən Muradova, Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva, Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova, "Kəpəz" nəşriyyat evinin rəhbəri Nicat Kazımov, Fransa Azərbaycanlı Tələbələr Assosiasiyasının idarə heyətinin üzvü Şamxal Baybekov və Dövlət Komitəsinin rəsmi şəxsləri Səlhət Abbasova, Elxan Səmədov, Zaur Salmanov iştirak ediblər.

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov COVID-19 pandemiyası ilə əlaqədar həmvətənlərimizin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. Müzakirələr zamanı Dövlət Komitəsinin xaricdə yaşayan və müvəqqəti olaraq çətinliklərlə üzləşmiş soydaşlarımıza göstərdiyi maddi və mənəvi dəstək yüksək qiymətləndirilib. Göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və rəhbərliyinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlıq ifadə edilib.

Konfrans zamanı karantin müddətində diaspor təşkilatlarının fəaliyyəti yüksək dəyərləndirilib. Postpandemiya dövründə fəaliyyət proqramı barədə fikir mübadiləsi aparılıb və təxirə salınmış tədbirlərin həyata keçirilməsi barədə təkliflər səsləndirilib.

Dövlət Komitəsinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları ilə onlayn müzakirələr aparması təqdir edilib və videokonfransların davamlı olaraq keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.