E-akademiya layihəsi çərçivəsində müzakirələr davam edir

27.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən E-akademiya layihəsi çərçivəsində müxtəlif mövzular üzrə videomüzakirələr təşkil olunub.

Virtual müzakirələrin qonaqları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Bahama adalarında əməliyyatlar üzrə meneceri Bəylər Talıbov, BMT-nin Yaşayış Məntəqələri üzrə Proqramının əməkdaşları Katya Şafer və Şarmarke Abdullahi, “USAİD”-in Azərbaycan missiyasının direktoru Dr.Caydev Cey Sinqx, yazıçılar, “Reut Group”-un icraçı direktoru Eran Şayşon, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Delaver Universiteti Senatının prezidenti, professor Aleksandr Səlimov, beynəlxalq dərəcəli ekspert Rüfət Kərimli, Seneqal Milli Gənclər Şurasının prezident Xadim Diop, kikboksinq üzrə Avropa çempionu Orhan Çelik, Amerika Sefardlar Federasiyasının icraçı direktoru Ceyson Quberman, jurnalist və analitik İrina Tsukerman olublar.

Tədbir iştirakçılarına Azərbaycanı daha effektiv təqdimetmə üsulları, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fəaliyyəti və gənclər üçün karyera imkanları, Yaşayış Məntəqələri Proqramının Azərbaycana dəstəyi və Kanada diasporu, mənşə ölkələrin inkişafında diasporun rolu, eləcə də diaspor fəaliyyətində ədəbiyyatın rolundan danışıblar. İsrailin dünya yəhudiliyi ilə əlqələrinin gücləndirilməsi üçün “Reut Group”-un gördüyü işlər, Azərbaycan Respublikasının davamlı inklüziv inkişafını təmin edən innovativ dövlət idarəçiliyi texnologiyaları, Seneqal diaspor gənclərinin fəaliyyəti, Almaniyada azərbaycanlıların idman vasitəsilə icma quruculuğuna cəlb edilməsi, Amerika Sefardlar Federasiyasının mədəniyyət fəaliyyəti barədə ətraflı müzakirələr aparılıb.

Aleksandr Səlimov qonaq olduğu tədbirdə iştirakçılara və izləyicilərə öz şeirlərindən oxuyub, müəllifi olduğu müxtəlif mahnıları ifa edib.

Konfrans iştirakçıları və izləyicilərin çoxsaylı suallarının cavablandırıldığı videomüzakirələr https://www.facebook.com/Azerbaijan DiasporaYouth/ Facebook ünvanından canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin E-akademiya layihəsi bu ilin aprel ayından həyata keçirilir. Əsas məqsəd yeni növ koronavirus pandemiyası dövründə Azərbaycan diasporunun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə videokonfransların təşkili və müvafiq müzakirələrin aparılmasıdır.