28 May – Respublika Gününə həsr olunmuş virtual bayram tədbiri keçirilib

27.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımızın, diaspor fəallarının iştirakı ilə 28 May – Respublika Günü münasibətilə virtual bayram tədbiri keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 28 may - Respublika Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovanın moderatorluğu ilə davam edən tədbirdə iştirak edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, Azərbaycanın Dövlət Himninin müəllifi, şair Əhməd Cavadın nəticəsi Cavad Axundzadə, Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatının 5-ci dairəsindən ABŞ-ın Nümayəndələr Palatasına namizəd Ramin Məmmədov, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmiş Əbülfəz Bahaduri 102 il öncə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, parlament respublikası kimi türk və islam dünyasına nümunə olmasından, 23 aylıq fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlərdən, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May tarixinin bütün dünyada, o cümlədən ABŞ-da geniş şəkildə qeyd olunmasından danışıblar.

Onlayn bayram tədbirində ABŞ-ın 15 müxtəlif ştatından 50-yə yaxın icma nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən diaspor rəhbərləri bir çox ştatlarda 28 May tarixinin artıq Azərbaycanın Milli Günü kimi qeyd edilməsi, soydaşlarımızın təşəbbüsü və fəaliyyəti ilə üçrəngli bayrağımızın inzibati qurumların qarşısında və ya mərkəzi meydanlarda ucaldılma mərasimlərinin keçirilməsi barədə ətraflı məlumat veriblər. S.Abbasova ABŞın bəzi ştatlarında 28 May - Respublika Günü münasibəti ilə dövlət qurumları və rəsmiləri tərəfindən bəyanatlar verildiyini qeyd edib.

“Noviy Rubej” qəzetinin baş redaktoru, şair, yazıçı və rəssam, Nobert Yevdayev yəhudi icması adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

Tədbirin bədii hissəsində Xalq artisti Azərinin ifasında “Çirpınırdı Qara Dəniz”, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında xalq mahnısı “Qaragilə”, “O səs Türkiyə” musiqi müsabiqəsinin iştirakçısı Leyla Cəlilovanın ifasında "Azərbaycanım" mahnıları səslənib.

Azərbaycan diasporunun fəal və istedadlı üzvü, Avstriyada yaşayan azərbaycanlı bəstəkar, dirijor və pianoçu Abuzər Manafzadə və Karen Onidia Danger-Manafzadə xalq mahnısı “Sarı Gəlin”i ABŞ-da yaşan soydaşlarımıza təqdim ediblər.

"Houston Repertoire Ballet" teatrının musiqiçisi Təranə Teylor Fikrət Əmirovun “1001 Gecə” baletindən bir parçanı, “SM TV-nin rəhbəri Cavad İsmayılbəyli isə neydə "Bayatı Şiraz gəzişməsi"ni ifa ediblər.

“Florida Keys 2019” musiqi müsabiqəsinin laureatı, Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin təmsilçisi Atilla Məmmədov “Vətən” mahnısını, Florida Keys 2018” musiqi müsabiqəsinin laureatı, Karto adına Fransa Musiqi Konservatoriyasının tələbəsi Cavad Yusifzadə pianoda Qara Qarayev Prelüd №2 musiqisini və “Florida Keys 2018” musiqi müsabiqəsinin laureatı Daqlas Dayer skripkada ifa ediblər.

İştirakçılar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 28 may - Respublika Günü münasibətilə təşkil edilən tədbirə görə öz təşəkkürlərini bildiriblər.