Misirdəki tələbələrə bayram sovqatı təqdim olunub

26.05.2020

Misirdə fəaliyyət göstərən Azərbaycan diasporu bu ölkədə təhsil alan azərbaycanlı tələbələri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, bayram sovqatlarını çatdırmaq məqsədilə tələbələrlə birlikdə yaşadıqları yataqxananı ziyarət ediblər və burada bayram süfrəsi açılıb.

Görüş zamanı dövlətimizin xarici ölkələrdə təhsil alan gənclərə diqqət və qayğısından bəhs edilib, onların yüksək səviyyədə təhsilini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı təbrik etdikləri və ən xoş arzularını bildirdikləri barədə məlumat verilib. Misir-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. May ayının 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü zamanı Prezident Əbdülfəttah əs-Sisinin dövlətimizin başçısına qardaş münasibətini vurğulamasının bunun daha bir təzahürü olduğu qeyd edilib.

Diaspor rəhbəri Misirdə təhsil alan gənclərə tövsiyələrini bildirib və onlara uğurlar arzulayıb.

Tələbələrimiz isə Azərbaycanın Misirdəki səfirliyi və “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını, Vətənə yüksək ixtisaslı mütəxəssis kimi qayıtmaq üçün öz üzərlərində daha çox çalışacaqlarını bildiriblər.