Gürcüstandakı aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

26.05.2020

Müqəddəs Ramazan bayramı münasibətilə Gürcüstanın Tbilisi şəhərində və Marneuli, Bolnisi, Qardabani rayonlarında yaşayan 186 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanıb.

Xeyriyyə aksiyasını Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) təşkil edib. Öncə yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejimi dövründə sosial vəziyyəti daha da ağırlaşmış ailələrin siyahısı müəyyənləşdirilib. Sonra GAİM könüllüləri bayram sovqatlarını Marneulidə 105, Bolnisidə 61, Qardabanidə 14 və Tbilisidə 6 ailənin birbaşa ünvanlarına çatdırıb.

Qeyd edək ki, Gürcüstanda tətbiq olunan sərt karantin rejimi zamanı GAİM Marneuli, Bolnisi, Telavi, Saqareco, Laqodexi, Dmanisi, Qardabani rayonlarında, Tbilisi və Rustavi şəhərində yaşayan 1014 aztəminatlı ailəyə ərzaq yardımı göstərib. Bu geniş humanitar aksiyaya görə Bolnisi rayonunun meri Davit Şerazadaşvili, Laqodexi bələdiyyəsinin sədri K.Camburiya və Saqareco meriyası öz facebook səhifələri üzərindən GAİM-ə xüsusi təşəkkürlərini bildiriblər. Ramazan bayramında keçirilən xeyriyyə aksiyası da daxil olmaqla, ümumilikdə 1200 ailəyə ərzaq yardımı göstərilib.

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-dən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Marneulidə fəaliyyətə başlayıb.