İstanbul şəhərində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin adını daşıyan Azərbaycan məktəbinin 250 şagirdinə Ramazan bayramı ərəfəsində hədiyyələr təqdim olunub.
Məktəbin direktoru Məhəmməd Qarasunun şagirdlərə ünvanlanan müraciətində bildirilib ki, koronavirus səbəbilə təhsildə fasilə yarandığından bu il bayramı birlikdə qeyd edə bilmirik: "Ancaq sizləri unutmadıq, istədiyiniz bayramlıq geyimlər üçün hədiyyə kartı, əyləncəli şirniyyatlar olan paketlər sizlər üçün bayram hədiyyəmizdir".
Bayram sovqatlarının sosial məsafə saxlamaq qaydalarına uyğun şəkildə məktəbə, valideynlərilə birlikdə, dəvət olunan şagirdlərə çatdırıldığını vurğulayan məktəb direktoru onu da əlavə edib ki, İstanbul şəhərində yaşayan və sosial təcrid müddətində müvəqqəti çətinliklərlə üzləşmiş 1500 aztəminatlı azərbaycanlı ailə mütəmadi olaraq ərzaq və digər yardımlarla təmin olunub. Humanitar aksiya məktəbin koordinasiyası, İstanbul Valiliyi və digər təşkilatların dəstəyi ilə həyata keçirilib. Bundan başqa, iş adamı Əhməd Atabəylə birlikdə məktəb direktorunun şəxsi vəsaitləri hesabına 470 azərbaycanlı ailəyə ərzaq yardımı göstərilib.
Məktəb rəhbərliyi bu çətin dövrdə həyata keçirdikləri xeyirxah və nəcib işlərə görə bir sıra qurumlara, ayrı-ayrı şəxslərə, xüsusilə Ramazan bayramı ərəfəsində məktəbin şagirdlərini sevindirdiyinə görə Azərbaycan əsilli iş adamı Əhmət Atabəyə minnətdarlığını bildirib.