“Beyin qazanma proqramı”nda neft və iqtisadi inkişaf, enerji texnologiyaları və alternativ enerji mənbələrindən danışılıb

25.05.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bir qrup professor-müəllim heyəti və tələbəsinin iştirakı ilə “İqtisadi inkişaf və dövlət quruculuğunda neftin rolu” mövzusunda videokonfrans təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” çərçivəsində gerçəkləşdirilən konfransda Şimali Karolina Universitetinin konfliktologiya bölməsinin direktoru, Amerika-Azərbaycan Alimlər Birliyinin prezidenti Əli Əskərov məruzə ilə çıxış edib.

Məruzədə iqtisadi inkişafda neftin rolu, neftin qiymətindən asılı olan dövlətlər, iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin təsnifatı, qeyri-neft sektorlarını inkişaf etdirmək zərurəti və s. haqqında ətraflı məlumat verilib, müzakirələr aparılıb.
Proqram çəçivəsində növbəti virtual müzakirə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup professor-müəllim heyətinin, tələbələrin iştirakı ilə “Bərpa olunan enerji texnologiyalarının yaratdığı yeni imkanlar” və "Alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının termodinamik analizi” mövzularında təşkil olunub.

Konfransda Çilinin Adolfo İbanez Elm və Mühəndislik fakültəsinin professoru, Bərpa olunan enerji texnologiyaları və idarəetmə üzrə magistr proqramının direktoru, Günəş Enerji Tədqiqat Mərkəzinin baş elmi işçisi Şəhriyar Nəsirov və Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasında “Mayelərin istilik-fiziki xassələrinin araşdırılması” elmi qrupunun rəhbəri Cavid Səfərov məruzə ilə çıxış ediblər.

Virtual tədbir zamanı alternativ və bərpa olunan enerji mənbələri, texnologiyaları, yüksək təzyiqli yanacaqlar, dizel mühərriki, enerji keçidi indeksi və s. haqqında ətraflı məlumat verilib.

Videokonfranslar https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ilk dəfə həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün ölkə universitetlərimizdə mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin gücləndirilməsindən ibarətdir.