Mayami-Deyddə 28 May tarixi Azərbaycanın Respublika Günü kimi bayram ediləcək

25.05.2020

Florida ştatının Mayami-Deyd şəhərində 28 may tarixi Azərbaycanın Respublika Günü kimi qeyd olunacaq.

Bu barədə şəhərin meri Karlos Himenezin imzaladığı Bəyannamədə elan olunub. Sənəddə 102 il öncə – 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik parlament respublikasının qurulduğu, universal səsvermə və fundamental insan hüquqlarının təmin edildiyi, 1991-ci ildə dövlət müstəqilliyini bərqərar etdikdən sonra Azərbaycanın, ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı bildirilib.

K.Himenez bildirib ki, dünyada 46 milyondan çox azərbaycanlı öz əcdadlarının nailiyyətlərini və demokratik sistemə bəxş etdikləri töhfələrini qeyd etmək üçün 28 May tarixində Respublika Gününü qeyd edirlər. Bu bayramın təbliğ olunmasında 2006-cı il oktyabrın 26-da təsis olunan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının da rolu var.

Mayami-Deyd şəhərinin məhz fərdlərin və təşkilatların töhfəsini tanımağa səy göstərdiyini vurğulayan mer mədəniyyət müxtəlifliyi baxımından Amerikada, eləcə də Floridada yaşayan azərbaycanlıların mədəniyyətlərarası anlaşmaya, sülhə, müxtəlifliyə və firavanlığa bəxş etdikləri töhfələri vurğulayıb

Sonda mer Himenez 28 may 2020-ci il tarixini Mayami-Deyd şəhərində Azərbaycanın Respublika Günü elan edib və şəhər sakinlərini bu bayrama qoşulmağa, Azərbaycan xalqının nailiyyətlərini birgə qeyd etməyə çağırıb.