Əskişəhərdəki soydaşlarımız və tələbələrimizə davamlı yardım edilib

22.05.2020

Türkiyənin qədim məkanlarından olan Əskişəhərdə yeni növ koronavirusla əlaqədar olaraq müvəqqəti çətinliklə üzləşmiş soydaşlarımıza və tələbələrə davamlı olaraq maddi və ərzaq dəstəyi göstərilib.

Əskişəhər Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, martın 11-də Türkiyədə virusa ilk yoluxma halı rəsmən açıqlanan kimi diaspor təşkilatı olaraq hərəkətə keçiblər. 70 gündən çox davam edən sosial təcrid dönəmində şəhərdə yaşayan soydaşlarımız və tələbələrimizin maddi və mənəvi zərər çəkməməsi üçün bütün tədbirlər görülüb, onlarla mütəmadi olaraq onlayn əlaqə saxlanılıb.

Tələbələrin siyahısının və ev ünvanlarının Odunpazarı və Təpəbaşı Sosyal yardım müdürlüyünə təqdim olunması nəticəsində gənc soydaşlarımız ərzaq yardımı ilə təmin olunublar. Bundan başqa, tələbələrə 80 alış-veriş kartı və müxtəlif tibbi ləvazimatlar çatdırılıb. Təqdirəlayiq haldır ki, həmin kartları vaxtilə Əskişəhərdə təhsil almış soydaşımız Söhrab Məmmədov göndərib.

Əskişəhər Azərbaycanlıları Dərnəyi yardım çağırışına cavab verən, soydaşlarımızdan və tələbələrdən öz köməklərini əsirgəməyən bütün üzvlərinə, dostlara və iş adamlarına minnətdarlığını bildirib.