Gürcüstandakı azərbaycanlı icmasının vəziyyəti müzakirə edilib

22.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Gürcüstandakı azərbaycanlı icmasının təşkilat rəhbərlərinin bir neçəsinin iştirakı ilə növbəti videokonfrans təşkil edilib. Videokonfransda “COVID-19 pandemiyası ilə əlaqədar yaranan çətinliklər, həll yolları və gələcək perspektivlər” mövzusunda müzakirələr aparılıb.

Virtual tədbirdə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı direktoru Aygül İsayeva, Mərkəzin İdarə heyətinin sədri Murad Muradov, Yenidənqurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz” təşkilatının rəhbəri Mübariz Qarayev, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzinin rəhbəri Ceyran Qurbanova, “Gürcüstan Azərbaycanlılarının Milli Konqresi”nin rəhbəri Əli Babayev, “İnteqrasiya” Elmi-Mədəni Araşdırmalar Mərkəzinin direktoru Akif Xansultanlı, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri Anar Rəsulov, Nəriman Əliyev və Sabit Məmmədov iştirak ediblər.

Videokonfrans iştirakçıları Gürcüstanda pandemiyanın yaratdığı çətinliklərdən danışıb, karantin dövründə azərbaycanlı icması ilə bağlı həyata keçirdikləri xeyriyyə aksiyaları və yardım tədbirlərini qeyd ediblər. Videokonfrans zamanı Gürcüstanda azərbaycanlıların icma təşkilatlarının mövcud vəziyyəti, soydaşlarımızın qarşılaşdıqları problemlər, postpandemiya dövründə fəaliyyət istiqamətləri geniş müzakirə edilib.

Sonda təşkilat rəhbərləri yeni növ koronavirus (COVID-19) ilə mübarizə çərçivəsində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürlərini bildiriblər.

İştirakçılar virtual müzakirələrin əhəmiyyətini vurğulayaraq, belə tədbirlərin davamlı təşkil edilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər.