Qlobal süni intellekt mövzusu “Beyin qazanma proqramı”nda müzakirə olunub

21.05.2020

Mayın 20-də Azərbaycan-Fransız Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə “Qlobal süni intellekt/maşın öyrənmə sənayesində karyera imkanları” mövzusunda videokonfrans təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” çərçivəsində gerçəkləşdirilən virtual tədbirdə Vayzenbaum İnstitutunun tədqiqatçısı Günay Kazımzadə məruzəçi qismində çıxış edib.

Məruzədə süni intellektin rolu, bu sahədə çalışan gənclərin perspektivləri, məlumatların təhlili və təfsiri üzrə proqramların öyrənilməsinin vacibliyi vurğulanıb.

Onlayn mühazirə https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ilk dəfə ölkəmizdə həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün universitetlərimizdə mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin, eyni zamanda xarici ölkə vətəndaşları olan azərbaycanlı gənclərin Azərbaycan Universitetlərində təhsil almalarına imkan yaradılmasından ibarətdir.