Moskvadakı azərbaycanlı icması davamlı humanitar aksiyalar təşkil edir

20.05.2020

"Biz birlikdə güclüyük" xeyriyyə aksiyası çərçivəsində Moskvanın azərbaycanlı icması (MAİ) paytaxtın Aeroport rayonunda fəaliyyət göstərən Veteranlar Şurasına yardım edib.

İcmanın sədri Şamil Tağıyev bildirib ki, veteranlar üçün nəzərdə tutulan zəruri məhsulların daxil olduğu ərzaq paketləri Şuraya təqdim olunub və bu cür aksiyanın davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Veteranlar Şurasının sədr müavini Valentina Oktyabreva kollektiv və veteranlar adından çətin gündə onları unutmayan MAİ-yə minnətdarlığını bildirib: "Hədiyyələrinizə görə azərbaycanlı icmasına böyük təşəkkür edirik. Artıq siyahı müəyyənləşdirilib və yardımları alacaq veteranlara xəbər çatdırılıb. Veteranlarımız çox seviniblər və bu diqqətdən mütəəssir olublar".

Qeyd edək ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin müddətində MAİ Rusiyanın paytaxtında yaşayan 1000-dən artıq aztəminatlı ailəyə yardım göstərib.