Rusiyanın Kostroma vilayətindəki Azərbaycan diasporu COVID-19 pandemiyası ilə əlaqədar elan olunmuş sosial təcrid rejimi başa çatdıqdan sonra da müharibə və idman veteranlarına mütəmadi olaraq yardım göstərməyi qərara alıb.
Kostromada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyəti, "Kostroma vilayətinin Olimpiya Şurası" , "Kostroma İdmanının İnkişafı Fondu", “Qaliç” Azərbaycan Milli-Mədəni Müxtariyyəti, "Bakılılar" mədəni-maarif klubu, "Xalqların birliyi – Dostluq evi", "Kostroma Xalqları Assambleyası", İslam Mədəni Mərkəzi, "Çoxmillətli Kostroma" kimi ictimai təşkilatlar tərəfindən yeni növ koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklə üzləşmiş müharibə və idman veteranları, eləcə də aztəminatlı ailələrə yardım göstərmək məqsədilə 2020-ci il aprelin 2-dən etibarən Könüllülərin Dəstək Qərargahı yaradılıb.
Qərargahın rəhbəri, Kostromadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və "Kostroma vilayətinin Olimpiya Şurası"nın sədri Kamran Babayev bildirib ki, öncə ünvanlı yardım göstərilməsi üçün veteranların, məşqçilərin, hakimlərin, aztəminatlı ailələrin siyahısı müəyyənləşdirilib. Sonra könüllülərin vasitəsilə zəruri məhsullardan ibarət 80 ərzaq paketi birbaşa ünvanlara çatdırılıb. Ərzaq paketlərinə ət, balıq konservləri, müxtəlif yarmalar, günəbaxan yağı, meyvə-tərəvəz məhsulları, çay və s. daxil edilib.
Qeyd edək ki, Qərargah sosial təcrid şəraitində tənha yaşayan II Dünya müharibəsi veteranlarına da xüsusi diqqət və qayğı göstərir.