Azərbaycanlı məktəbli onlayn festivalın qalibi olub

18.05.2020

Rusiyanın Moskva şəhərində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə keçirilən "Qələbənin yubileyi – 75" onlayn festivalının qaliblərindən biri azərbaycanlı gənc Fərid Süleymanov olub.

"Rusiya Xalqları Assambleyası" ictimai təşkilatının Moskva vilayəti üzrə bölməsinin, bir sıra federal telekanallarla birgə, təşkil etdiyi festivalda 88 nəfər iştirak edib. Tədbirin şərtlərinə görə, iştirakçılar 1941-1945-ci illərdə II Dünya müharibəsində iştirak etmiş babaları və yaxın qohumları barədə şeir və ya hekayələr söyləməli, bu yaradıcılıq prosesini ev şəraitində çəkərək videoçarx formatında təşkilatçılara təqdim etməlidir.

Onlayn tədbirə 5 nəfər azərbaycanlı məktəbli də qatılıb. Onlar göndərdikləri videoçarxlarda müharibə veteranı olmuş əcdadlarının keçdikləri şanlı yoldan və qəhrəmanlıqlarından bəhs edən hekayələr danışıblar.

Moskva şəhərindəki 1191 saylı məktəbin 9-cu sinif şagirdi Fərid Süleymanov cəsur kəşfiyyatçı olmuş ulu babası, Azərbaycanın Ordubad şəhərində doğulmuş İsmayıl İsmayılov barəsində təqdim etdiyi videoçarxla "Nəsillərin əlaqəsi" nominasiyası üzrə qalib gəlib. Gənc soydaşımız "Qələbənin yubileyi – 75" festivalının qalibi kimi I dərəcəli diploma layiq görülüb.