Soydaşlarımızdan “Musiqi sərhəd tanımır” adlı maraqlı aksiya

18.05.2020

COVID-19 pandemiyası ilə mübarizənin davam etdiyi dövrdə xarici ölkələrdə yaşayan musiqiçi soydaşlarımız tərəfindən evdə qal kampaniyası çərçivəsində konsertlərin təşkili, müxtəlif layihə və təqdimatlar həyata keçirilir.

“Musiqi sərhəd tanımır” adlı növbəti layihə isə Oman Sultanlığında Sultan Qabus Universitetinin fortepiano müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyovanın təşəbbüsü ilə həyata keçirilib. Belə ki, dünyanın məşhur bəstəkarlarından olan Astor Pyatsollanın “Libertanqo” adlı bəstəsini onlayn şəkildə pianoda Vüsalə xanım və Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyeva, zərb alətində Sultan Hüseyn və violençeldə isə Orxan Cumayev birgə ifa ediblər.

Oman Sultanlığında yaşayan soydaşımız Vüsalə Əmirbəyova bildirib ki: Musiqidə sərhəd yoxdur, əksinə o sərhədləri genişləndirir. İnsanların COVID-19 pandemiyası dövründə sosial təcrid şəraitində yaşadığı bir zamanda hansı dildə və ya hansı ölkəyə məxsus olmasından asılı olmayaraq musiqi insanları birləşdirir.
V.Əmirbəyova “Biz Birlikdə Güclüyük” şüarı ilə həmvətənlətimizi hər zaman həmrəy olmağa səsləyib.

Qeyd edək ki, 2011-ci ildən Oman Sultanlığının paytaxtı Maskat şəhərində yaşayan Vüsalə Yusif Əmirbəyova Almaniya, Türkiyə, Yaponiya,Tailand, Böyük Britaniya, Sinqapur, Rusiya kimi ölkələrdə keçirilən beynəlxalq festivallarda Azərbaycanı uğurla təmsil edib və bir çox mükafatlara layiq görülüb. Beynəlxalq konfranslarda görkəmli Azərbaycan bəstəkarları Qara Qarayevin, Üzəyir Hacıbəylinin, Fikrət Əmirovun, Cövdət Hacıyevin yaradıcılığı ilə bağlı təqdimatlar edib.