E-akademiya layihəsi çərçivəsində videogörüşlər davam edir

14.05.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən E-akademiya layihəsi çərçivəsində videogörüşlər davam edir.

Növbəti virtual müzakirələrin qonaqları Pakistanın Qlobal və Strateji Elmlər Mərkəzinin direktoru Xalid Teymur Əkrəm, AMEA fəlsəfə institutunun əməkdaşı, sosioloq İlham Abbasov, ABŞ-ın Men Universitetinin vitse-prezidenti Lizzi Vahab, Xalq artisti, professor Cahangir Novruzov, sosial şəbəkələrdə fəaliyyət göstərən “Live life in California” səhifəsinin təsisçisi Samir Məhərrəmov olublar.

Qonaqlardan Xalid Teymur Əkrəm Pakistan diasporunun ölkənin iqtisadi inkişafındakı rolundan söhbət açıb. İlham Abbasov isə İkinci Dünya Müharibəsi illərində faşizmlə mübarizədə Avropa Müqavimət Hərəkatında azərbaycanlıların iştirakı haqqında məlumat verib. Men Universitetinin vitse-prezidenti Lizzi Vahab post-pandemiya dövründə ABŞ-da ali təhsil imkanları haqqında geniş məlumat verib. Xalq artisti Cahangir Novruzov mədəniyyət və incəsənətin diaspor fəaliyyətində rolundan, Samir Məhərrəmov isə diasporun inkişafında sosial mediadan istifadə imkanlarından danışıb.

Qonaqlar konfrans iştirakçıları və izləyicilərin çoxsaylı suallarını da cavablandırıblar.

Qeyd edək ki, E-akademiya layihəsi Diasporla İş üzrə Dövlət Komitəsində bu ilin aprel ayından başlanıb. Layihə çərçivəsində keçirilən videomüzakirələr https://www.facebook.com/Azerbaijan DiasporaYouth/ Facebook ünvanından canlı yayımlanır. Soydaşlarımız tərəfindən maraqla qarşılanan layihənin əsas məqsədi COVID-19 pandemiyası dövründə Azərbaycan diasporunun, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə videokonfransların təşkili və müvafiq müzakirələrin aparılmasıdır.