"Wikipedia.org"da “Heydər Əliyev və Özbəkistan” adlı bölmə yaradılıb

13.05.2020

Görkəmli siyasi və dövlət xadimi, Türk dünyasının qüdrətli şəxsiyyəti Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında ümummilli liderə həsr olunmuş bölmə yeni materiallarla zənginləşdirilib və alt bölmə kimi “Heydər Əliyev və Özbəkistan” adlı məqalə yerləşdirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Wikipedia" könüllüləri tərəfindən hazırlanmış məqalədə maraqlı faktlar öz əksini tapıb. Məqalədə ulu öndərin qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyi, hələ sovetlər dönəmində türkdilli ölkələrə xüsusi rəğbət bəslədiyi, Azərbaycan KP MK-nın I katibi vəzifəsində çalışarkən Özbəkistandakı həmkarı Şərəf Rəşidovla dostluq əlaqələri saxladığı, ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq müttəfiq respublikalarda başladılan milli ayrı-seçkilik hadisələrinə etiraz etdiyi, Sov.İKP MK-nın Siyasi Bürosunda yolverilməz addımlara və qərarlara qarşı mübarizə apardığı bildirilib.

Dövlət müstəqilliyi əldə olunduqdan sonra məhz Heydər Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın Özbəkistanda (1996), Özbəkistanın Azərbaycanda (1998) səfirliklərinin fəaliyyətə başlaması, Ulu Öndərin Özbəkistana səfərləri, iki ölkə arasında çoxsaylı sənədlərin imzalanması və ümumilikdə ümummilli liderin rəhbərliyi dövründə Azərbaycan-Özbəkistan münasibətlərinin formalaşması dinamikası ilə bağlı məsələlər məqalədə yer alıb.

Bölmə ilə https://uz.wikipedia.org/wiki/Haydar_Aliyev linki üzərindən tanış olmaq mümkündür.

Qeyd edək ki, Mərkəzdəki Heydər Əliyev muzeyində və Azərbaycan-Özbəkistan muzeyində də müxtəlif məlumatların və fotoşəkillərin nümayiş etdirildiyi “Heydər Əliyev və Özbəkistan” adlı bölmə yaradılıb.