Azərbaycan diasporu tərəfindən Prezident İlham Əliyevə təşəkkür müraciətləri davam edir

13.05.2020

Azərbaycan dövlətinin və rəhbərliyinin COVID-19 qlobal pandemiyasına qarşı mübarizədə həyata keçirdiyi tədbirlər və atdığı addımlar Dünya Səhiyyə Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən alqışlandığı kimi, ölkə daxilində və xaricində yaşayan həmvətənlərimiz tərəfindən də böyük rəğbətlə qarşılanır. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktubları da bir daha təsdiqləyir.

Ukrayna Azərbaycanlıları Radası (UAR), Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva, Qırğızıstan Xalqları Assambleyası nəzdində “Azəri” İctimai Birliyinin sədir Əzizağa Əliyev və Türkiyədə yaşayan soydaşımız Nuranə Axundova tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan təşəkkür məktublarında həmyerlilərimiz dövlət başçımızla qürur duyduqlarını bildirir.

Minnətdarlıq duyğularının ifadə olunduğu məktublarda deyilir: "...Vətənimiz Azərbaycanda epidemiyanın geniş yayılmasının qarşısının alınması, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində Sizin gördüyünüz işləri – koronavirusa yoluxan xəstələrin müalicəsi üçün "Yeni klinika"nın istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisələrin açılması, vətəndaşlara dövlət tərəfindən edilən maddi yardım, ölkə daxilində dünya səviyyəsində nümunəvi karantin rejiminin tətbiqi, xarici ölkələrdə olan vətəndaşlarımıza tərəfinizdən göstərilən diqqəti və digər tədbirləri xalqımıza vermiş olduğunuz yüksək dəyərin bariz nümunəsi sayırıq.

Gürcüstan, Ukrayna və Qırğızıstanda yaşayan həmvətənlərimiz Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışına qoşulduqlarını və bu ölkələrdəki azərbaycanlıların vəziyyətini daim diqqət mərkəzində saxladığı üçün dövlət başçısına xüsusi təşəkkür bildiriblər.

Azərbaycan dövlətinin göstərdiyi maddi dəstək nəticəsində Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco, Laqodexi, Telavi rayonlarındakı və Rustavi şəhərindəki həssas əhali qruplarından 1000-dən çox ailəyə ərzaq yardımı edildiyi vurğulanıb.

UAR-ın baş ofisində yaradılmış operativ qərargahın isə Diasporla İş üzrə Dövlət Komitəsi ilə daim əlaqə saxladığına, Vətənə dönə bilməyən 500-dən çox soydaşımıza Azərbaycan dövləti tərəfindən ayrılan maddi dəstək vasitəsilə yardım edildiyinə diqqət cəlb olunub: "Möhtərəm Prezident, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin və miqyasının azaldılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadların aradan qaldırılmasına yönəldib. Bütün bunlar bir daha sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rihafı dayanır. Bütün bu işlərə görə Sizinlə qürur duyuruq və Sizə minnətdarlığımızı bildiririk".