Azərbaycan Gəncləri Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin internet televiziyası olan AGAH TV-də görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar “Doğumunun 97-ci ildönümündə Heydər Əliyev: Türkiyə və Azərbaycan əlaqələri kontekstində” mövzusunda videokonfrans keçirilib.
Virtual tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və AGAH İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib. AGAH sədri Təbriz Raufoğlunun moderatorluq etdiyi konfransda ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin hakimiyyəti dönəmində baş müşavir və mədəniyyət naziri olmuş Namik Kemal Zeybek, Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyə Prezident Administrasiyasının Səhiyyə və Qida Siyasəti Şurasının üzvü Necdet Ünüvar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım iştirak edib.
Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda çıxış edən Xəzər İbrahim, Namik Kemal Zeybek, İsa Həbibbəyli, Necdet Ünüvar və Şamil Ayrım Türk dünyasının görkəmli şəxsiyyəti Heydər Əliyev haqqında fikirlərini və xatirələrini bölüşüblər.
Diplomatik fəaliyyətinə ümumilli lider Heydər Əliyevin dönəmində başladığını xatırladan X.İbrahim Azərbaycanın Amerikadakı səfirliyində çalışarkən şahidi olduğu hadisədən danışıb. O, qeyd edib ki, ümummilli liderin Amerikaya səfəri zamanı tanınmış ictimai-siyasi xadim, diplomat Zbignev Bjezinskinin Heydər Əliyev haqqında yüksək təəssüratlarını bölüşdüyünün şahidi olub. Diplomat səfirliyin xatirə kitabından Süleyman Dəmirəlin Heydər Əliyev haqqında yazdığı fikirləri nümayiş etdirib.
Namik Kemal Zeybek hələ Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dönəmdə onunla görüşən ilk Türkiyə rəsmilərindən olduğunu vurğulayıb. O, qeyd edib ki, Türk dünyasının bu böyük şəxsiyyəti haqqında araşdırmalara hələ sovet dönəmindən başlayıb. Vaxtilə SSRİ rəhbərliyində Azərbaycan Türkünün təmsil olunmasından iftixar hissi keçirdiyini bildirən sabiq nazir Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurucusu olduğunu bir daha ifadə edib.
Konfransda çıxış edən digər natiqlər Heydər Əliyevin təşəbbüsü nəticəsində Türkiyə ilə yaradılan əlaqələrin və imzalanan protokolların 90-cı illərdə Naxçıvanın blokadadan çıxarılmasında əvəzsiz rolu olduğunu, öz fəaliyyəti ilə ümummilli lider səviyyəsinə ucaldığını, dünyanın güclü liderlərinin onun şəxsiyyətinə və fəaliyyətinə yüksək qiymət verdiyini, Bakı-Tiblisi-Ceyhan neft kəməri layihəsinin gerçəkləşdirilməsi üçün Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini və s. yada salıblar.
Videokonfrans Facebook və Twitter platformaları üzərindən canlı yayımlanıb.