Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təmsilçiləri faşizm üzərində qələbənin 75 illiyi münasibətilə II Dünya muharıbəsinin iştirakçısı olmuş 101 yaşlı azərbaycanlı veteran Kuldan Məmmədovu evində ziyarət ediblər.
Hazırda Daşkənd vilayətində yaşayan həmyerlimizlə görüşdə RAMMM sədri Firdovsi Hüseynov, təşkilatın Daşkənd vilayəti üzrə rəhbəri Qalib Müslümov, iş adamı Məhəmməd Süleymanov, Anqren şəhərində yaşayan soydaşlarımız Həsrət Baliyev, Dilnara Baliyeva və başqaları iştirak ediblər. 101 yaşlı veteranı soydaşlarımız adından təbrik edən diaspor üzvləri ona hədiyyələr və ərzaq bağlaması təqdim ediblər.
K.Məmmədov qeyd edib ki, 1919-cu il aprelin 5-də Azərbaycanda doğulub, 1942-ci ildə cəbhəyə yola düşüb, Belarus və Avropa ölkələrinin bir çox şəhərlərinin faşistlərdən azad olunması uğrunda aparılan döyüşlərdə iştirak edib. Müharibə başa çatdıqdan sonra isə 1945-ci ildən Özbəkistanda məskunlaşıb.
Diaspor nümayəndələrinin ziyarətindən məmnun olduğunu bildirən həmyerlimiz tarixi vətəni olan Azərbaycanı çox sevdiyini, dövlətimizə dünyada böyük nüfuz qazandırmış, Özbəkistan-Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin yaradılmasında əvəzolunmaz xidmətləri olan görkəmli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevə hər zaman sonsuz hörmət bəslədiyini, Azərbaycan torpaqlarının işğaldan azad olunacağına şübhə etmədiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi bu işi yüksək bacarıqla həyata keçirəcəyinə inandığını bildirib.
Qeyd edək ki, həmyerlimiz faşizmə qarşı qələbənin 75 illiyi münasibətilə Özbəkistanın və Rusiyanın medalları ilə təltif olunub.