Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü soydaşlarımız tərəfindən böyük hörmət və ehtiramla anılır. Azərbaycanlılar harada yaşamağından asılı olmayaraq Ulu Öndərin xatirəsini unutmur və bu dahi şəxsiyyətin xalqımız, dövlətimiz qarşısında xidmətlərini yüksək minnətdarlıq hissi ilə xatırlayırlar.
Diasporla İş üzrə Dövlət Komitəsinə Almaniya Azərbaycanlıları Alyansından, Qardaşlıq Macar-Azəri Birgə Cəmiyyətinin rəhbəri, Azərbaycan Evinin direktoru Ramiz Əmirlidən, Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Mayisa Ağamirzəyevadan, Moskva İcmasının sədri Şamil Tağıyevdən, “Azərbaycan Diasporu” Arxangelsk regional ictimai təşkilatının sədri Tərlan Qasımovdan, Samara Vilayəti Azərbaycanlıları Liqasının sədri Şirvan Kərimovdan, Rusiya vəkillər Gildiyasının üzvü Ələkbər Qarayevdən, ABŞ-ın Meyn ştatı Men-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovdan, İsrail-Azərbaycan Azİz beynəlxalq təşkilatının idarə heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salmanovadan, Estoniyada Azərbaycan diasporunun üzvü Niyazi Hacıyevdən, Kanadada Azərbaycan diasporunun üzvü, azərbaycanlı professor İlham Axundovdan, Fransada “Ulduz cəmiyyəti”nin sədri Aytən Muradovadan, Moldova Azərbaycanlıları Konqresinin sədri Heybət Məcidovdan, Konqresin yaradıcılarından və fəallarından olan Mehman İsmayılovdan, Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtaydan, “Şimkənt Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədr müavini, Mərdan Saparbayev adına Cənubi-Qazaxıstan Humanitar İnstitutunun baş müəllimi, pedaqoji elmlər namizədi Arzu Qurbanovadan, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Türk” Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovadan daxil olmuş müraciətlərdə Ulu Öndərin xatirəsi ehtiramla anılır.
Qeyd edilir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan nadir şəxsiyyətlərdəndir. Onun zəngin irsi hələ uzun müddət siyasətşünasların, filosofların, tarixçi və araşdırmaçıların tədqiqat mənbəyi olacaq. Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq və gələcək nəsillərə örnək olmaqla onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş dahi Heydər Əliyev də, məhz belə şəxsiyyətlərdəndir.
Soydaşlarımızın müraciətində xüsusi vurğulanır ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması, ana dilimizin dövlət səviyyəsində bir dil kimi tanınması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün vətəndən uzaqda yaşayan hər bir azərbaycanlı, dahi şəxsiyyətin tövsiyələrinə uyğun olaraq, Vətənimizi layiqincə təmsil etməyə və Azərbaycan diasporunun daha da güclənməsi üçün əlindən gələni etməyə çalışır.
Müraciətlərdə qürur hissi ilə qeyd edilir ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan evləri fəaliyyət göstərir və bu evlərdə hər bir şərait yaradılıb ki, Azərbaycan dilini, mədəniyyətini yaşada bilək.
Bütün müraciətlərdə Ulu Öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilir, bu dahi insanın çətin günlərdə xalqımıza sahib çıxması minnətdarlıq hissi ilə yada salınır. Soydaşlarımız ümummilli lider Heydər Əliyevlə fəxr etdiklərini, qürur duyduqlarını bildirir və müasir Azərbaycanın memarı Heydər Əliyevi dünya siyasətinin aparıcı şəxsiyyətlərindən biri kimi xatırlayırlar.