Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsinin 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
Virtual tədbirdə Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə yanaşı, Niderlandda fəaliyyət göstərən Hollanda Azərbaycan-Türk Kültür dərnəyinin rəhbəri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresinin (BAK) üzvü Lamiyə Babayeva, Niderland Krallığında təhsil alan tələbə gənclər və Azərbaycandan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İçtimai Birliyinin sədri, Qarabağ qazisi Radə Abbas iştirak ediblər.
Videomüzakirələrə başlamazdan öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri olan Mayisə Ağamirzəyeva Azərbaycanın qədim şəhəri Şuşanın işğalından, eləcə də Qarabağ müharibəsinin xalqımıza və ölkəmizə vurduğu maddi-mənəvi zərbələrdən, erməni faşizminə və vəhşiliyinə dövlətimizin və cəmiyyətin apardığı mücadilədən, eləcə də bu prosesdə xaricdə yaşayan soydaşlarımızın rolundan danışıb.
Müzakirələr zamanı Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, hazırda Niderlandda yaşayan, 12 yaşına qədər Şuşada boya-başa çatmış, şəhərin işğalınadək baş verən hadisələrin canlı şahidi olmuş diaspor fəalı, Koordinasiya Şurasının üzvü, Real TV-nin Avropa bölməsinin rəhbəri Xatirə Sərdarqızı, BAK-ın üzvü Lamiyə Babayeva, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas və tələbə-gənclər çıxış ediblər. Natiqlər mədəniyyət abidəsi olan Şuşa şəhəri haqqında xatirələrini bölüşərək erməni faşizminə son qoyulması, Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın və digər işğal edilmiş ərazilərin azad edilməsi üçün hamının səfərbərliyə hazır olmasından danışıblar. Şuşanın işğal gününün unudulmadığı, xalqımızın "Azərbaycanın konservatoriyası" adlanan bu qədim şəhərə geri dönəcəyi günü səbirsizliklə gözlədiyi bildirilib. Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində diaspor üzvlərinin və tələbə gənclərin üzərinə düşən işlər qeyd edilib, ermənilərin işğalçı və yalançı olduğunu sübut etmək üçün informasiya savaşının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Müzakirələrlə davam edən videokonfransda suallar cavablandırılıb və təşkilatçılara təşəkkür edilib.