Ulyanovskda ümummilli lider Heydər Əliyev yad edilib

11.05.2020

Mayın 10-da Ulyanovskda görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URAMMM) təşkil etdiyi tədbir zamanı şəhərdəki Heydər Əliyev adına meydanda onun şərəfinə ucaldılmış abidə ziyarət olunub. Anım mərasimində soydaşlarımızla yanaşı Ulyanovsk bölgəsinin milli təşkilatlarının rəhbərləri – "Rus evi" ictimai təşkilatının rəhbəri Tamara Kulyabina, Tatar Milli-Mədəni Muxtariyyətinin sədri Ramis Safin, Çuvaş Milli-Mədəni Muxtariyyətinin sədri Oleq Mustayev, Mordoviya Milli-Mədəni Muxtariyyətinin sədri Vladimir Sofonov, özbək icmasının sədri Qayrat Raxmonov da iştirak ediblər.

Xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstələri düzülüb və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə URAMMM sədri İslam Hüseynov və "Rus evi" ictimai təşkilatının rəhbəri Tamara Kulyabina çıxış ediblər. Natiqlər bildiriblər ki, 10 may – Azərbaycan xalqı və dünyada yaşayan soydaşlarımız üçün xüsusi tarixdir. Çünki müstəqil Azərbaycan dövlətini qardaş qırğınından xilas edən, ölkənin uzunillik inkişafının yolunu müəyyənləşdirən liderin doğum günüdür.

Heydər Əliyevin şəxsiyyətinin və irsinin müstəsna olaraq təkcə Azərbaycan xalqına məxsus olmadığı, onun dünya miqyaslı dövlət xadimi olduğu bildirilib. SSRİ hökumətində işləyərkən Heydər Əliyevin Ulyanovsk şəhərinin taleyində böyük rol oynadığı, "Aleksandr Suvorov" teploxodunun dəhşətli qəzaya uğramasından sonra ulyanovsklıların köməyinə gəldiyi, Volqa şayı üzərindən ikinci körpünün tikintisini dəstəklədiyi və bununla da şəhərin iqtisadiyyatının inkişafına böyük töhfə bəxş etdiyi yada salınıb.

Qeyd edilib ki, hazırda bu müdrik dövlət xadiminin müəyyəşləşdirdiyi siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev layiqincə davam etdirir: "Heydər Əliyevə biz çox borcluyuq. Döğma torpağımızda sülh, millətin birliyi, Qafqaz bölgəsində Azərbaycanın aparıcı mövqeyi, Rusiya ilə qardaşlıq münasibətləri – bütün bunlar onun xidməti və nailiyyətləridir. Biz xatırlayırıq və qürur duyuruq, xalqımızın ümummilli lideri Heydər Əliyevin bizə vəsiyyət etdiyi həmin ideal və dəyərlərə uygun gəlməyə çalışırıq" - deyə İ.Hüseynov vurğulayıb.