Ulyanovskda müharibə qurbanları yad edilib

11.05.2020

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə Ulyanovskda fəaliyyət göstərən Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URAMMM) fəalları şəhərdəki Əbədi Məşəl abidəsini ziyarət ediblər.

Anım mərasimində abidənin önünə gül dəstələri düzülüb və II Dünya müharibəsi zamanı həlak olanların əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən URAMMM sədri İslam Hüseynov azərbaycanlıların faşizmə qarşı igidliklə vuruşmasından söz açıb: "Müharibənin elə ilk günü, 1941-ci il iyunun 22-də Bakıda mitinq keçirilib və ertəsi gün insanlar kütləvi şəkildə hərbi komissarlıqlara yollanıblar. 4 il ərzində Azərbaycandan cəbhəyə 600 min döyüşçü gedib".

Qeyd edilib ki, həmin dönəmdə azərbaycanlılardan ibarət 4 diviziya (77-ci, 223-cü, 271-ci və 416-cı) yaradılıb və ata-babalarımız digər xalqlarla birlikdə faşistləri Berlinədək qovaraq qələbə qazanıblar. Azərbaycanın Həzi Aslanov, İsrafil Məmmədov kimi qəhrəman oğullarının adlarının əbədi olaraq yaddaşlara həkk edildiyi vurğulanıb.

"Bu gün biz onların hamısının qarşısında baş əyirik" - deyə İ.Hüseynov əlavə edib.