Türkiyənin Manisa şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi müqəddəs Ramazan ayı və koronovirus pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə və həssas əhali qrupuna yardım aksiyası təşkil edib.
Dərnəyin rəhbəri Yalçın Taşdemir bildirib ki, kampaniya çərçivəsində yerli sakinlərlə yanaşı, Manisa şəhərində təhsil alan və işləyən bir qrup azərbaycanlıya da 20 ədəd ərzaq bağlaması göndərilib. Dərnək rəhbərinin sözlərinə görə, hər il vilayətdə Ramazan ayında aztəminatlı ailələrə ərzaq və digər yardım aksiyaları təşkil edilir. Lakin bu il COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər səbəbindən aztəminatlı ailələrin müvəqqəti olaraq düşdükləri çətin durum nəzərə alınıb və ərzaq yardımının əhatə dairəsi daha da genişləndirilib.
Dərnək təhbəri kampaniyanın həyata keçirilməsində göstərdikləri dəstəyə görə Manisa şəhərinin Şahzadələr və Yunus Əmrə Bələdiyyələrinə minnətdarlığını ifadə edib.