Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri Kiyev şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılan abidəsini ziyarət ediblər.
Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov məlumat verib. Hikmət Cavadov Ukrayna Azərbaycanlıları Radasının müxtəlif vilayətləri təmsil edən üzvlərinin iştirakı ilə ümummilli liderin doğum günündə onun adı verilən parkda ucaldılan abidəsi önündə tədbir keçirdiklərini bildirib.
Diaspor nümayəndələri bu il Ukraynada tətbiq olunan karantin rejimilə əlaqədar Heydər Əliyevin doğum gününü geniş tədbirlərlə qeyd edə bilməyiblər: “Məlumdur ki, koronavirus pandemiyasi ilə əlaqədar Azərbaycanda olduğu kimi, Ukraynada da xüsusi karantin rejimi tətbiq olunur. Bu səbəbdən ölkə ərazisindəki bütün parklara giriş qadağan edilib. Amma buna baxmayaraq, Kiyev şəhər meriyası bizim xahişimizlə Ulu Öndər Heydər Əliyevin adına olan parkda ucaldılan abidəsini məhdud sayda insanın qısa müddətli ziyarətinə razılıq verib. Abidənin önünə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Ukrayna Azərbaycanlıları Radasının üzvləri adından gül dəstələri qoyduq. Ölkədə xüsusi karantin qaydalarını pozmamaq üçün üzvlərin hamısı tədbirdə iştirak etməyib”.
Qeyd edək ki, Heydər Əliyevin parkdakı abidəsi diaspor nümayəndələri - Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov, onun müavini Murad Cəfərov və Ümumukrayna azərbaycanlı gənclər təşkilatının rəhbəri Damət Əsgərov tərəfindən ziyarət olunub.