Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin keçmiş sədr müavini, professor Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi vəfat edib.
Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərində anadan olub. O,1953-58-ci illərdə Təbriz Universitetinin fars, ingilis dili və pedaqogika fakültəsində təhsil alıb.
Böyük Britaniyada elmi yaradıcılığını davam etdirən soydaşımız, Edinburq Universitetində akademik məsləhətçi olub. Fəlsəfə elmləri doktoru, professor Təbrizi 2001-ci ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçin Malmo şəhərində keçirilən V qurultayının iştirakçısıdır. Həmin il Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış edib, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilib.
1997-2003-cü illərdə Azərbaycanın ali məktəblərində XIX-XX əsrlər ingilis ədəbiyyatı, Şekspir və Bleykin yaradıcılığı mövzusunda mühazirələr oxuyub.
Uzun illər xarici ölkələrdə çalışan Qulamrza Səbri Təbrizi ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətdə müdafiə edən və xalqımızın milli-mədəni dəyərlərini təbliğ edən böyük şəxsiyyət idi.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi professor Qulamrza Səbri Təbrizinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.