Rusiya Federasiyasının Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporu COVID-19 pandemiyası çərçivəsində aztəminatlı və həssas əhali qruplarına yardım aksiyasını davam etdirir.
"Azərbaycan" Mlli-Mədəni Muxtariyyətinin gənclər qanadının rəhbəri Elvin Müslümov bildirib ki, II Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə Kazan şəhərində humanitar aksiya təşkil edilib. Onun sözlərinə görə, azərbaycanlı gənclər bütün bəşərriyyəti faşizm kimi böyük bir bəladan qurtarmaq uğrunda fədakarlıqla döyüşən müharibə veteranlarını təbrik etmək qərarına gəliblər.
Bu məqsədlə Kazanda yaşayan 20 müharibə veteranının, eyni zamanda sosial təcrid müddətində müvəqqəti çətinliklə qarşılaşmış 9 aztəminatlı ailənin evi ziyarət olunub. Zəruri ərzaq məhsullarının daxil olduğu 29 paket birbaşa ünvanlara çatdırılıb.