Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Moskvada elm, təhsil və jurnalistika sahələrini təmsil edən azərbaycanlı gənclərin bir qrup nümayəndəsi ilə videokonfrans təşkil olunub.
Virtual tədbirdə Rusiyanın Yaxın Şərq Assosiasiyasının prezidenti, "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqatlar Universitetinin “Dünya iqtisadiyyatı və dünya siyasəti fakultəsi”nin xarici regionşünaslıq departamentinin beynəlxalq əlaqələr üzrə meneceri Murad Sadıqzadə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun “Beynəlxalq enerji siyasəti və diplomatiya İnstitutu”nun direktor müavini, iqtisadiyyat elmləri namizədi, dosent İqbal Quliyev, Rusiyanın Dövlət İdarəçilik Akademiyasının “UNESCO” kafedrasının elmi işçisi Fərhad İbrahimov, Rusiyanın Xalqlar Dostluğu Universitetinin baş müəllimi Kamran Həsənov, Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin analitiki Murad Məmmədov, Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının “Özəl Hüquq İnstitutu”nun magistrantı, "SERKONS" MMC-nin hüquqşünası Zərovşən Cəfərova, Rusiya Federasiyasının Höküməti yanında Maliyyə Universitetinin “Xarici tələbələrin fəaliyyətinin müşayiət edilməsi şöbəsi”nin baş mütəxəssisi Şövqin Kərimov, Rusiya Federasiyasının Höküməti yanında Maliyyə Universitetinin “Rəqəmsal məkanda daxili nəzarət və risklərin idarə edilməsi üzrə Analitik Mərkəzi”nin aparıcı elmi işçisi, tarix elmləri namizədi Elnur Mehdiyev və Dövlət Komitəsinin rəsmi şəxsləri iştirak ediblər.
Tədbir zamanı öz fəaliyyət sahələri barədə geniş məlumat verən moskvalı həmvətənlərimiz Rusiyada yaşayan və müxtəlif sahələrdə çalışan gənclərlə Dövlət Komitəsi arasında əlaqələrin aktivləşdirilməsinin, azərbaycanlıların qonşu ölkədəki kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığının, ali məktəblərin azərbaycanlı məzunları ilə fəal işləməyin zəruriliyindən danışıblar.
Virtual konfrans iştirakçılarının nəzərinə çatdırılıb ki, Dövlət Komitəsinin hazırladığı "Yol Xəritəsi"ndə səsləndirilən məsələlər geniş şəkildə öz əksini tapıb.
Tədbir iştirakçıları Dövlət Komitəsinin təşkil etdiyi yay düşərgələrinin əhəmiyyətindən, bu cür layihələrin bütün dünyadakı azərbaycanlı gənclərin birləşməsinə, öz fəaliyyətlərini sistemli şəkildə koordinasiya etmələrinə, diaspor hərəkatının genişlənməsinə xidmət etdiyini vurğulayıblar.
Son illər ərzində Dövlət Komitəsinin fəallığının artmasının hiss edildiyini vurğulayan gənclər gələcək planlarını bölüşüblər və konkret layihələr barədə fikir mübadiləsi aparıblar. Elmi sahədə çalışan azərbaycanlı gənclərin nümayəndələrinin müzakirə olunan məsələlər barədə daha konkret "Yol Xəritəsi" hazırlaması, tarixi hadisələrə dair Azərbaycan və Rusiya gəncləri arasında elmi konfransların keçirilməsi təklifləri irəli sürülüb. Tədbirin gedişi zamanı II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın rolu barədə elmi məqalələrin hazırlanması qərara alınıb.
Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirus pandemiyası ilə əlaqədar yaranmış şəraitdə xaricdə yaşayan soydaşlarımızla videokonfraslar keçirmək təşəbbüsündən məmnunluq ifadə olunub və bu cür müzakirələrin davamlı olmasının məqsədəuyğunluğu vurğulanıb.