Gürcüstanın Rustavi, Qardabani və Dmanisi şəhərlərinin aztəminatlı ailələrinə yardım göstərilib

08.05.2020

Xaricdə yaradılan azərbaycanlı icma təşkilatlarının COVID-19 pandemiyası çərçivəsində aztəminatlı və həssas əhali qruplarına yardım aksiyası Gürcüstanın azərbaycanlılar yaşayan Rustavi şəhəri, Qardabani və Dmanisi rayonlarında da davam etdirilib.

Aksiya çərçivəsində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) ölkənin Rustavi şəhəri, eləcə də Qardabani və Dmanisi rayonlarında yaşayan, karantin müddətində müvəqqəti çətinliklə üzləşmiş 300 aztəminatlı ailəyə ərzaq yardımı edib. Öncə GAİM tərəfindən Rustavi, Qardabani və Dmanisi merləri İrakli Tabaqua, Ramaz Budaqaşvili və Giorqi Tatuaşviliyə rəsmi məktubla müraciət olunaraq xeyriyyə aksiyası barədə məlumat verilib.

Humanitar aksiya çərçivəsində yardımları ailələrə çatdırılması məqsədilə GAİM-lə Rustavi meri İrakli Tabaqua, Qardabani meri Ramaz Budaqaşvili və Dmanisi meri Giorqi Tatuaşvili arasında ərzaq paketlərinin təhvil-təslim aktı imzalanıb. May ayının 2-də Rustavi və Qardabani, mayın 6-da isə Dmanisi meriyalarının hər birinə 100 ərzaq paketi təhvil verilib.

Hər ərzaq paketinə un, düyü, makaron, vermişel, qarabaşaq, çay, şəkər tozu, qənd, günəbaxan yağı, duz kimi zəruri məhsullar daxil edilib.

Qeyd edək ki, bundan öncə GAİM ölkənin Marneuli (250 ailə), Bolnisi (150 ailə), Telavi (100 ailə), Saqareco (100 ailə) və Laqodexi (100 ailə) rayonlarında yaşayan azərbaycanlı ailələrinə yardım edib.

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.