E-akademiyanın növbəti qonağı Tural Gəncəliyev olub

07.05.2020

Azərbaycan Diaspor Gənclərinin təşkilatçılığı ilə həyata keçirilən “E-akademiya” layihəsinin növbəti qonağı Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinin deputatı Tural Gəncəliyev olub.

Böyük maraqla qarşılanan videokonfransın əsas mövzusu Şuşa və Laçın şəhərlərinin işğalının 28-ci ildönümü olub. Videogörüşdə Şuşa və Laçın şəhərlərinin tarixi-mədəniyyəti xatırlanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada tanıdılmasında Azərbaycan diasporunun və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rolu qeyd edilib. Dialoq formatında keçirilən videokonfransda Tural Gəncəliyev iştirakçıların və izləyicilərin suallarını cavablandırıb, gələcək planlar və görüləcək tədbirlər barəsində məlumat verib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsində bu ilin aprel ayından başlanan “E-Akademiya” layihəsi davam edir və videogörüşlər https://www.facebook.com/AzerbaijanDiasporaYouth/ səhifəsində canlı yayımlanır.