III “Florida Keys” beynəlxalq musiqi festivalı açıq elan edilib

07.05.2020

Görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən III "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi 2020-ci il aprelin 24-dən etibarən açıq elan edilib.

Bu barədə məlumat verən Floridanın "Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası"nın mədəniyyət işləri üzrə direktoru Pərvin Muradova bildirib ki, peşəkar musiqiçilərə yüksək mükafatlar uğrunda mübarizə aparmaq və dünya miqyasında tanınmaq kimi unikal fürsəti təmin edən müsabiqədə iştirak etmək istəyənlər ərizə ilə təşkilatçılara müraciət edə bilərlər. Şərtlərə əsasən, müsabiqədə pro-kateqoriyalı, yəni 16-25 yaş arası peşəkar musiqiçilər (fortepiano, saz, vokal) iştirak edəcək.

Hər bir iştirakçının Azərbaycan bəstəkarları Cövdət Hacıyev və Fikrət Əmirovun əsərlərindən birini ifa etməsi mütləqdir. Bu əsərlər iştirakçıların istəyilə seçilib təqdim olunur.

Bütün yaş kateqoriyaları arasında yalnız bir iştirakçı Qran Prinin qalibi seçiləcək. Qalib 800 ABŞ dolları məbləğində pul mükafatı ilə yanaşı, həm də Nyu-Yorkda və Parisdəki Carnegie Hall-da keçiriləcək qala konsertlərində pulsuz iştirak etmək hüququ əldə edəcək. Müsabiqə iştirakçıları diplomlarla təltif ediləcək və diplomlar elektron poçt vasitəsilə laureatlara çatdırılacaq.

Müsabiqədə iştirak ödənişsizdir. Sənədlərin və videoların qəbulu 2020-ci il avqustun 1-dək davam edəcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumat veb saytdan əldə edilə bilər: https://www.floridakeyscompetition.com/application-form-online/

Qeyd edək ki, artıq bir neçə ildir ABŞ-ın Florida ştatının Aventura şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və tərəfdaşlığı, eləcə də Florida ştatında “Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası”nın (AAMA) mədəniyyət işləri üzrə direktoru Pərvin Muradovanın təşkilatçılığı, AAMA-nın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq və Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Liunun köməyilə “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi keçirilir.