Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və üzvləri ilə videokonfransları davam erdirir. Növbəti videokonfransda Rusiyadakı Azərbaycan dispor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.
Virtual konfransda Rusiyanın Azərbaycan İcmasının sədri Fazil Qurbanov, "AZƏRROS" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin sədri Mehriban Sadıqova, "Cənub Universiteti"nin (İdarəetmə, biznes və hüquq İnstitutu) rektoru İmran Əkbərov, "Smolnı Universiteti" Elmi-Təhsil Konsorsiumunun prezidenti Heydər İmanov, Rusiya Vəkillər Gildiyasının üzvü Azər Məmmədov, Rusiya Elmlər Akademiyasının kənd təsərrüfatı elmləri bölməsinin müxbir üzvü Zahid Qocayev, "AZƏRROS" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin mətbuat katibi Vaqif Adıgözəlov iştirak ediblər.
Konfrans iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyadakı soydaşlarımızın COVID-19 pandemiyası ilə əlaqədar karantin müddətində yaşayışı və ehtiyacları ilə maraqlanıb, onların suallarını cavablandırıb.
Komitə sədri bütün dünyada çətin və mürəkkəb proseslərin yaşandığı vaxtda dünya azərbaycanlılarının, o cümlədən də Rusiyada yaşayan soydaşlarımızın həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırıb və diaspor təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan diasporunun karantin müddətində və postpandemiya dövründə fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Videokonfransda iştirak edənlər Dövlət Komitəsinin soydaşlarımızın müraciətlərinə çevik reaksiyasını təqdir ediblər.
Diaspor təşkilatlarının rəhbərləri bu çətin dönəmdə xaricdə yaşayan həmvətənlərimizə göstərilən diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə ediblər.