Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Qazaxıstanda fəaliyyət göstərən bir sıra diaspor təşkilatlarının rəhbərlərinin qatıldıqları növbəti videokonfrans keçirilib.
Virtual tədbirdə “Vətən” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Cəfər Mahmudov, Şərqi-Qazaxıstan vilayətində “Azərbaycan Etnomədəni Birlik” İctimai Birliyinin sədri Elvin Dəmirçiyev, “Ozan” Almatı şəhər Cəmiyyətinin sədri Qədir Əliyev, “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyinin sədri Süleyman Əhmədov, “Naxçıvan” Azərbaycanlı etnomədəni mərkəzi İctimai Birliyinin sədri Fəxrəddin Məhərrəmov, “Türküstan vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədr müavini, Mardan Saparbayev adına Cənubi Qazaxıstan Humanitar İnstitutunun baş müəllimi, pedaqoji elmlər namizədi Arzu Qurbanova, Dövlət Komitəsinin rəsmiləri Anar Rəsulov və Kənan Məmmədov iştirak ediblər.
COVID-19 pandemiyası ilə əlaqədar Qazaxıstandakı mövcud vəziyyət, soydaşlarımızın qarşılaşdığı problemlər və onların aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı danışılıb. Qonşu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının xususi həmrəylik və birlik nümayiş etdirdikləri, minlərlə aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olanlara maddi-mənəvi dəstək göstərdikləri xüsusi vurğulanıb.
Qazaxıstanın Pavlodar, Ust-Kamenoqorsk, Almatı, Taldıkurqan və Şimkənt şəhərlərində yaşayan soydaşlarımız arasında koronavirus pandemiyasına yoluxanların olmadığı, yaradılmış müvafiq qərargahlar və fondlar vasitəsilə humanitar yardım kampaniyasının davam etdirildiyi diqqətə çatdırılıb.
Sonda belə müzakirələrin əhəmiyyəti qeyd edilərək diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri ilə videogörüşlərin davamlı olaraq keçirilməsi qərara alınıb.